NAZİM BƏYDƏMİRLİ
Keçmiş deputat və iş adamı, korrupsiya və ətraf mühitlə bağlı tənqidlərinə görə mübahisəli ittihamlarla həbs olunub.
About Nazim Baydamirli
Nazim Bəydəmirli (əvvəlki soyadı Məmmədov) 4 may 1963-cü ildə Gədəbəy rayonunda anadan olub.
Nazim Bəydəmirli Bakı Plan-Uçot Texnikumunda orta ixtisas təhsili alıb. O, hərbi xidməti başa vurduqdan sonra ali təhsilini isə Rusiyanın Voronej Dövlət Aqrar Universitetində alıb. 1989-cu ildə bu universitetin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, Voronej Dövlət Aqrar Universitetində müəllim işləyib. Universitetin aspiranturasında təhsil alan Nazim Bəydəmirli elmi işini müdafiə edərək iqtisad elmləri namizədi adı alıb.
1990-cı illərdə isə Rusiyada biznes fəaliyyətlə məşğul olmağa başlayıb. 1993–1999-cu illərdə Lipetsk şəhərində “Kapital X” MMC-nin baş direktoru olub. 1996-cı ildən isə “İmperial LTD” QSC-yə rəhbərlik edib.
2000-ci ildən Bakıda “Qlobal Kaspian LTD” şirkətinin prezidenti, 2003–2005-ci illərdə isə “Binapmetal” MMC-nin baş direktoru vəzifələrində çalışıb.
Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan Nazim Bəydəmirli həm də Milli Məclisin III çağırış deputatı olub - 2005-ci ilin noyabrında keçirilən parlament seçkilərində 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən Milli Məclisdə 5 il təmsil olunub. O, deputat olduğu dövrdə Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü olub.
2010-cu ildə yenə də namizədliyini fərdi qaydada eyni dairədən irəli sürsə də, seçkiyə az qalmış geri çəkilib.
Həmin ərəfədə YAP fərdi qaydada namizədliyini irəli sürən partiya üzvlərinə geri çəkilmələri üçün çağırış eləmişdi. Lakin Nazim Bəydəmirli dinləməmiş, namizədliyini geri çəkməmişdi. Bundan az sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları ona məxsus “Loğman Klinikası” MMC-də yoxlamalara başlamış, klinikaya məxsus bütün sənədlər götürülmüş, müəssisə vergidən yayınmaqda ittiham olunmuşdu.
O zaman Nazim Bəydəmirli baş verənləri özünə qarşı özünə qarşı təzyiq kimi qiymətləndirirdi.
Sabiq deputat vaxtaşırı mətbuatdakı çıxışlarında, sosial mediadakı paylaşımlarında ölkədəki monopoliyadan, məmur özbaşınalıqlarından bəhs edirdi. 2012-2013-cü illərdə onunla “Baku Steel Company” MMC-nin o vaxtkı rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədov arasında qalmaqal yaşanmışdı. Sabiq deputat iddia edirdi ki, “Baku Steel Company” kiçik metal sexlərinə öz adamlarını göndərərək, hədə-qorxu gəlir, həmin müəssisələri bağlatdırır, onunla razılaşmayanların iş yerləri dağıdılır.
“Baydamirli Holding”in baş direktoru olan sabiq deputat 2023-cü il iyulun 4-dən həbsdədir. Ona qarşı Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
Əvvəlki cinayət qanunverciliyilə verilən ittiham Nazim Bəydəmirli 1990-cı illərdə Lipetsk şəhərində bizneslə məşğul olduğu dövrə aiddir. Cinayət işinin materiallarında iddia olunur ki, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyada spirtli içki biznesiylə məşğul olan azərbaycanlı Mürsəl İbrahimovu kriminal aləmin adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdırmaq, öldürməklə hədələyib. Ondan biznesə yatırdığı 40 min dollardan imtina etməsini, əlavə də 70 min dollar pul tələb edib. Sonda Mürsəl İbrahimov həm 40 min dollardan imtina edib, həm də Nazim Bəydəmirliyə 28 min dollar pul ödəyib.

Cinayət Məcəlləsinin 182.2.4 maddəsilə verilən digər ittiham isə Nazim Bəydəmirlinin özünün də 30 faiz paya sahib olduğu “Avto Qarant” ASC-nin Müşahidə Şurasının sədri Ədalət Bağırovla bağlıdır. İddia olunur ki, Nazim Bəydəmirli onu intim görüntülərlə hədələyib, ondan 50 min manat pul tələb eləyib, son nəticədə 10 min manat pul alıb.
Nazim Bəydəmirli isə bu ittihamları qəbul etmir, hər iki ittihamın şər-böhtan olduğunu bildirir:
“2005-ci ildə deputat seçiləndə məni tam araşdırıblar. Əgər 1996-cı ildə mənim belə bir hərəkətim olsaydı, əlbəttə ki, bilərdilər. Sadəcə, mənim həbs olunmağımı fürsət bildilər. Əvvəl məni həbs eləmək üçün Ədalət Bağırovdan istifadə elədilər, sonra da ittihamı gücləndirmək üçün bunu tapıb yanına qoşdular”.
O bildirib ki, tutulduğu gün – 2023-cü il iyulun 4-də Ədalət Bağırova qarşı uzun illərdir davam edən şikayətlərinin nəticəsilə maraqlanmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdi. Amma onun özünü saxlayıb, 3 saat sonra ittiham elan ediblər. Ertəsi gün də məhkəməyə aparıb, haqqında həbs qərarı çıxarıblar.
Nazim Bəydəmirli özünü “ekologiya məhbusu” adlandırır. Hesab edir ki, onu 2023-cü il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində yerli sakinlərin etirazlarına görə cəzalandırırlar.
Söyüdlü sakinləri “Anglo Asian Mining” şirkətinin kənddəki qızıl zavoduna aid tullantı gölünün əhaliyə və ətraf mühitə mənfi təsirinə etiraz edirdi. Bu etirazlar zamanı polislərlə əhali arasında qarşıdurma yaşanmışdı.
Həmin etirazlardan sonra hökumətyönlü mediada baş verənlərin təşkilinə görə bir neçə nəfərin adı hallandırılmışdı, onlardan biri də Nazim Bəydəmirli idi. Sabiq deputat isə haqqında yazılanların şər-böhtan olduğunu bildirirdi. Bu məlumatların yayılmasından təxminən 10 gün sonra Nazim Bəydəmirli həbs olundu.
Hazırda Nazim Bəydəmirlinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Resources about Nazim Baydamirli
Kampaniyanın bütün Campaign’s resources resursları CC0 şərtləri altında Creative Commons Lisenziyası CC0 conditions, altında yaradılmışdır, yəni bu resurslar heç bir müəllif hüququ olmadan, dünya miqyasında ictimai mülkiyyətə verilmiş materiallarıdır.
Download blue background poster (PNG)
Download yellow background poster (PNG)
Download blue square picture (PNG)
Download yellow square pictuer (PNG)
